Rezidenturaya qəbul qaydaları
Bu Qaydalar Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 6 aprel tarixli, 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.17 və 9.2-ci bəndlərinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nın 3-cü bəndinə əsasən hazırlanmışdır və həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə baza ali tibb təhsilli şəxslərin rezidenturaya qəbulu qaydalarını müəyyən edir.
1. Ümumi müddəalar
1.1. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan Azərbaycan Respublikasının vətəndaşları (bundan sonra – namizəd) malikdirlər.
1.2. Rezidenturaya qəbul Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra – TQDK) tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
2. Ərizələrin qəbul edilməsi
2.1. Namizədlər qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına aşağıdakı sənədlərin əslini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:
2.1.1. şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsini);
2.1.2. məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayışı (Əlavə 1);
2.1.3. əvvəlki illərin məzunları baza ali tibb təhsili haqqında diplomu və ona əlavəni;
2.1.4. xarici ölkələrdə ali təhsil alanlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə”ni;
2.1.5. xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
3. Qəbul imtahanı
3.1. Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir:
3.1.1. birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq baza fənləri üzrə bilikləri yoxlanılır;
3.1.2. ikinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsili istiqaməti üzrə ixtisas sahəsində bilikləri yoxlanılır.
3.2. Namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətindən asılı olaraq imtahan aparılan baza və ixtisas fənləri TQDK tərəfindən müəyyən edilir və “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə göstərilir (Əlavə 2).
4. İxtisas seçimi
4.1. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, baza fənləri və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar.
4.2. Namizəd “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”nə əsasən, bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçərək öz elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və ixtisas seçimini təsdiq edir.
4.3. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların siyahısında birinci olanına yerləşdirilir.
5. Müsabiqənin keçirilməsi
5.1. Müsabiqə namizədlərin iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi balı (ballarının cəmi) əsasında aparılır.
5.2. Namizədlərin yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
5.3. Rezidenturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır.
5.4. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
5.4.1. baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı;
5.4.2. ixtisas fənləri üzrə testdən toplanılan bal.
5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, namizədlər tərəfindən 4.2-ci bənddə göstərilən qaydada ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
6. Yekun müddəalar
6.1. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 iş günü müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
6.2. Rezidenturaya keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün TQDK tərəfindən Apelyasiya Komissiyası yaradılır.
6.3. Namizəd Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
6.4. Müsabiqənin keçirilməsi zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
6.4.1. saxta sənəd təqdim etmək;
6.4.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
6.4.4. “İmtahan başlandı!” elan olunan andan imtahanın sonunadək səbəbindən asılı olmayaraq, zalda yerini dəyişmək, gəzişmək, danışmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
6.4.5. “İmtahan başlandı!” elan olunan andan 1,5 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq;
6.4.6. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;
6.4.7. nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
6.4.8. cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
6.5. Namizədin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Mənbə: Tələbə Qəbulu üzrə Dövlət Komissiyası