Azərbaycanda Stomatologiyanın inkişaf tarixi
Çox təəssüf ki hələ də Azərbaycanda diplomsuz, ali tibb təhsili olmayanların çox da açıq-aydın “stomatoloq” kimi çalışmalarına baxmayaraq Bakıda hələ 1926-cı ildə Stomatologiya və digər tibb sahələrində təhsilsiz öyrənib-öyrətmənin qadağası qoyuldu və Azərbaycanda diş həkimləri hazırlayan Bakı Tibb Texnikumu yaradıldı. Bu Azərbaycanda ilk tibbi-stomatoloji təhsil ocağı idi. Texnikumun fəaliyyətində ADU-nun tibb fakültəsinin Odontologiya kafedrasının müdiri Professor İ.İ.Lukovun böyük xidmətləri olmuşdur. 1929-cu ilə qədər texnikumu 107 nəfər bitirdi və oranın məzunları Azərbaycan ərazilərində stomatologiyanın inkişafında mühüm rol oynadılar.
1929-cu ildə texnikum Diş Müalicə İnstitutuna çevrildi. Azərbaycan Diş Müalicə İnstitutu (ADMİ) Azərbaycanda ali diş həkimliyi təhsili verən ilk təhsil ocağı oldu. Təsəvvür edin ki hələ Azərbaycan Tibb İnstitutu yaradılmadığı bir vaxtda ali diş həkimliyi təhsili verən ADMİ var idi.
1930-cu ildə isə bu gün də adı vahimə içində çəkilən və Azərbaycanın ən qabaqcıl universiteti sayılan, yeganə ali tibb təhsili verən, Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı.
1931-ci ildə ADMİ Azərbaycan Dövlət Tibb İnstitutunun tərkibinə daxil edilərək, Stomatologiya fakültəsinə çevrildi və Azərbaycanda daha geniş bir sahəni əhatə edən tibb sahəsi olan stomatologiya elminin inkisafi başladı. Ancaq çox təəssüf ki bu fakültə sadəcə 1934-cü ilə qədər fəaliyyət göstərdi və 1934-cü ildə Bakida Diş Həkimliyi Məktəbi açıldı. Bu məktəb 1950-ci ilə qədər 1000-dən çox natamam ali təhsilli diş həkimi və diş texniki hazırladı. Sonraki 4 il ərzində Azərbaycanda diş həkimliyi həmçinin stomatologiya təhsili verən heç bir təhsil ocağı olmadı. Və nəhayət 1954-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində yenidən Stomatologiya fakültəsi təşkil edildi və bu fakültə günümüzə qədər müvəffəqiyyətlə fəaliyyər göstərməkdədir. İlk stomatoloji kafedralar yaradılarkən sadəcə Üz-çənə cərrahiyyəsi və Stomatologiya kafedraları mövcud idi. Terapevtik və ortopedik stomatologiya kafedraları isə 1956-cı ildə yaradılmış və ona ilk rəhbərliyi 1968-ci ilə qədər tibb elmləri namizədi, dosent Ə.İ.Həsənov etmişdir.
Hazırda Stomatologiya fakültəsində həkim - stomatoloq ixtisasları üzrə kadrlar hazırlanır. Azərbaycanlı tələbələrlə yanaşı fakültədə Türkiyə, İran, Pakistan, Əfqanistan, İzrail, İordaniya, Fələstin, Finlandiya və digər xarici ölkələrdən 446 tələbə təhsil alır. Tələbələrə I-II-III kurslarda təbabətin təməl fənnləri ilə yanaşı II-V kurslarda stomatoloji fənnlər (ağız xəstəliklərin profilaktikası, terapevtik stomatologiya, ağız və üz-çənə cərrahiyyəsi, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodontiya) tədris olunur. 2002-ci ildə yaradılan universitetin stomatoloji klinikasında ixtisas fənləri yüksək səviyyədə aparılır. Bu klinikada tədris kabinetləri, rentgen diaqnostika şöbəsi və diş texniki laboratoriyaları tələbə və professor-müəllim heyyətinin ixtiyarına verilmişdir. Fakultədə fəaliyyət göstərdiyi illər ərzində 9200-dən çox həkim-stomatoloq hazırlanaraq ölkəmizdə və dünyanın müxtəlif ölkələrində Türkiyə, İran, Fransa. Almaniya, Finlandiya, İzrail, Suriya, İordaniya, Pakistan, Əfqanistan, Rusiya, Ukrayna, Türkmənistan, Gürjüstan və digər ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Hazırda Stomatologiya fakültəsində 10 nəfər tibb elimləri doktoru (TED), 90 nəfər tibb elimləri üzrə fəlsəfə doktoru (PhD (tibb elimləri namizədi)) çalışır və 3500 nəfər ali tibb təhsilli stomatoloq Respublikamizda əhaliyə xidmət göstərir.
Ədəbiyyat:
1. V.M.Həsənov, “Terapevtik Stomatologiya” dərslik, Bakı-2010, səh. 11-17
2. Z.İ.Qarayev, “Ortopedik Stomatologiya” dərslik, Bakı-2008, səh. 5-9
3. Azərbaycan Tibb Universitetinin Veb səhifəsi www.amu.edu.az
Dr. Vüqar Qurbanov
Həkim Stomatoloq, İmplantoloq